ELM VƏ TƏHSİL
“Naxçıvan” jurnalının növbəti nömrəsi çapdan çıxıb
Nəşr Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan əlaqələrinin öyrənilməsində dəyərli mənbədir
Bakı, 5 oktyabr, AZƏRTAC
İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik “Naxçıvan” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan növbəti nömrəsi çapdan çıxıb.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirilib ki, jurnalın ilk səhifələrində Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamları, eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamı, Tədbirlər Planı və Ali Məclis Sədrinin yubileylə bağlı keçirilən tədbirdə çıxışı verilib.
Vəsaitdə AXC-nin müstəqillik illərinədək geniş araşdırılmayan Naxçıvan əlaqələri məsələləri akademiyanın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixində yeri və rolu” və AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” tədqiqat materialları yer alıb. Məqalələrdə o dövrdə Naxçıvanda ictimai-siyasi vəziyyətin çox mürəkkəb və ağır olduğu, habelə ölkədə baş verən hakimiyyət dəyişiklikləri, Naxçıvana ərazi iddiaları irəli sürən Ermənistanın ardıcıl hücumları, bu bölgənin aborigen sakinləri olan müsəlman-türk əhalisinin soyqırımına uğradılması, qaçqınlıq problemi, Azərbaycanın əsas hissəsi ilə əlaqələrin süni surətdə kəsilməsi və bu kimi digər məsələlərdən bəhs edilir.
Nəşrdə AXC-nin fəaliyyətində Naxçıvanla bağlı bir sıra məsələlərə diqqət yetirilməsi, bölgənin ermənilər tərəfindən tutulmasına imkan verilməməsi üçün ona siyasi, hərbi, maddi və mənəvi kömək göstərilməsi faktlarla göstərilir. Eyni zamanda, Naxçıvan Milli Komitəsinin bu bölgəni qorumaq uğrunda fəaliyyəti, erməni daşnaklarına qarşı mübarizə, Osmanlı dövləti ilə əlaqələr, bölgədə yaradılan Araz-Türk Respublikası, Rusiya, İngiltərə və ABŞ-ın Naxçıvanla bağlı siyasətləri araşdırılıb.
Jurnalda Naxçıvan əhalisinin erməni təcavüzünə qarşı mübarizədə rolunu yüksək qiymətləndirilən tarixi faktlar, AXC rəhbərlərinin, o cümlədən erməni liderlərinin etirafları oxucuların diqqətinə çatdırılır. Göstərilir ki, xüsusilə Naxçıvan əhalisinin mərdlik və igidliyi, qəhrəmanlığı, apardıqları mübarizələr, müqavimətlər ermənilərin və onların havadarlarının Naxçıvanla bağlı niyyətlərinin reallaşmasına imkan verməyib.
Vəsaitdə arxiv sənədləri, məktub, teleqram və məlumatlar “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, müxtəlif illərdə mətbuatda və nəşrlərdə çıxan məqalələr öz əksini tapır.
Nəşr AXC və Naxçıvan əlaqələrinin öyrənilməsində dəyərli mənbədir.