REGİONLAR
Naxçıvan məktəbliləri üçün təşkil edilən növbəti interaktiv dərs Aşıq Ələsgərə həsr olunub
Naxçıvan, 16 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində keçirilən interaktiv dərs Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunub.
Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 200-dən çox ümumtəhsil məktəbində izlənilən dərsi AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov keçib.
Qüdrətli söz ustadlarından olan Aşıq Ələsgərin nəinki Azərbaycanda, bütün Türk dünyasındakı yerindən danışan Ramiz Qasımov sənətkarın irsinə həmişə qayğı göstərildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 2021-ci il 18 fevral tarixli Sərəncamının da bu diqqət və qayğının bariz bir ifadəsi olduğunu deyib.
Dərsdə vurğulanıb ki, dəfələrlə Naxçıvanda da olan qüdrətli söz ustadı, gözəl saz-söz məclisləri keçirib. Bununla bağlı “Aşıq Ələsgərin Naxçıvan səfəri” dastan-rəvayəti yaranıb. Ümumiyyətlə, Göyçə aşıq mühiti, xüsusən də Aşıq Ələsgər yaradıcılığı və məktəbi Şərur-Naxçıvan-Şahbuz aşıqlarının yaradıcılığına, sənətdə inkişaf edib təşəkkül tapmalarına güclü təsir edib.
Xatırladaq ki, aşığın 200 illik yubileyinin muxtar respublikada da yüksək səviyyədə qeyd edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 22 fevral tarixli Sərəncamı ilə “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiqlənib.