ELM VƏ TƏHSİL
Naxçıvan təpə yaşayış yerinin arxeoloji tədqiqatlarına həsr olunan yeni nəşr
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarının “Naxçıvan təpə yaşayış yerində arxeoloji tədqiqatlar” kitabı üç dildə (Azərbaycan, ingilis, rus) çapdan çıxıb.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, dosent Zeynəb Quliyeva, Turan Həşimova, Kamran Mehbalıyev və Elmar Baxşəliyevin həmmüəllifi olduqları kitab bölmənin Rəyasət Heyətinin qərarı ilə nəşr edilib.
Nəşrdə V.Baxşəliyevin rəhbərliyi ilə ötən il Naxçıvan ərazisində Cənubi Qafqazın ən qədim eneolit abidəsi olan Naxçıvan təpə yaşayış yerində aparılan arxeoloji araşdırmaların nəticələri əksini tapıb.
Arxeoloji tədqiqatların nəticələri Naxçıvan təpə yaşayış yerinin eneolit dövrünün erkən mərhələsinə aid olduğunu, Naxçıvan şəhərində məskunlaşmanın səkkiz min il bundan əvvəl başlandığını təsdiqləyib. Müəlliflər yeni yaşayış yerinin tədqiqinin yalnız Azərbaycanın deyil, bütövlükdə bütün Cənubi Qafqazın eneolit mədəniyyətinin ardıcıl mərhələlərini öyrənmək baxımından əhəmiyyətli olduğunu bildirirlər.