REGİONLAR
Naxçıvanda IV qrant müsabiqəsində qalib olan layihələrin təqdimatı keçirilib
Naxçıvan, 30 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində muxtar respublikadan qalib olan 2 məktəb və 3 müəllimin layihələrinin təqdimatı keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, təqdimatda çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil naziri Rəhman Məmmədov təhsilin inkişafına göstərilən dövlət qayğısından danışaraq muxtar respublikada təhsilin keyfiyyətinin artırılmasının təkcə məktəblərdə aparılan quruculuq işləri ilə yekunlaşmadığını, müəllimlərin peşəkarlıq səviyyələrinin artırılmasının da daim diqqətdə saxlanıldığını bildirib.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən, müəllimlərin həftəlik dərs yükü və vəzifə maaşının artırılması muxtar respublikada müəllim nüfuzunun yüksəldilməsinə, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə mühüm təsir göstərib”, - deyən nazir vurğulayıb ki, bu gün bilikli, yüksək intellektual səviyyəyə malik gənc müəllimlərin işlə təminatı da diqqətdə saxlanılır. Göstərilən dövlət qayğısı sayəsində Naxçıvan Muxtar Respublikasında kifayət qədər peşəkar müəllim heyəti formalaşıb, təhsil sahəsinə maraq artıb. Bütün bunlar isə muxtar respublika müəllimlərinin səmərəli fəaliyyətinə geniş imkanlar açıb.
Rəhman Məmmədov bildirib ki, son illər ölkəmizin təhsil sistemində aparılan keyfiyyət dəyişikliklərinin əyani nümunəsi kimi inkişaf və innovasiya xarakterli layihələrin, müsabiqələrin həyata keçirilməsi müsbət ənənəyə çevrilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2017-ci ildən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri keçirilir. Bu il keçirilən IV qrant müsabiqəsi muxtar respublikada da ümumi təhsil müəssisələri və müəllimlərin fəallığı ilə müşahidə olunub. Bu müsabiqədə ilk dəfə olaraq muxtar respublikanın ümumtəhsil məktəbləri iştirak edib və nəticələri də uğurludur. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə 2, fərdi kateqoriya üzrə isə 3 olmaqla, ümumilikdə, 5 layihə qalib olub. Ümumi təhsil müəssisələri üzrə qəbul edilmiş layihələr yeni tədris ilindən həyata keçiriləcək və 3-12 ay müddətində icra ediləcək.
Nazir layihələrin vaxtında icra edilməsinə və ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə ciddi nəzarət olunacağını bildirib.
Daha sonra qaliblər layihələrinin qısa məzmunu, hansı tarixlərdə və necə həyata keçirəcəkləri barədə məlumat veriblər.
Sonda qaliblər Təhsil naziri Rəhman Məmmədov tərəfindən plaket və hədiyyələrlə mükafatlandırılıblar.