REGİONLAR
Naxçıvanda istehsal sahələrinin yaradılmasına 2 milyon 800 min manatadək həcmində dövlət maliyyə dəstəyi göstərilib
Naxçıvan, 7 iyul, AZƏRTAC
Muxtar respublikada aqrar sektorun inkişafı hər zaman ön planda tutulur. Bu sahədə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, iqtisadi dəyəri yüksək layihələrin həyata keçirilməsinin təşviqi yerli xammal ehtiyatlarından istifadənin genişləndirilməsinə yol açır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu ilin ötən dövrü ərzində yerli xammala əsaslanan istehsal sahələrinin yaradılmasına Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2794300 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
Dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni istehsal xətlərinin yaradılması, 1 süd məhsullarının emalı müəssisəsinin fəaliyyətinin bərpası və müxtəlif yeyinti məhsullarının qablaşdırılması sahəsinin yaradılması, Babək rayonunda 1 plastik qapı-pəncərə istehsalı sexinin fəaliyyətinin genişləndirilməsi, Şərur rayonunda dondurma istehsalı sahəsinin yaradılması başa çatdırılıb. Naxçıvan şəhərində “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin, enerji içkilərinin istehsalı sahəsinin yaradılması, akvarium balıqlarının yetişdirilməsi sahəsinin, Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin, bitki yağı istehsalı zavodunun yaradılması, meyvə araqları istehsalı sahəsinin genişləndirilməsi davam etdirilib. Babək rayonunda Babək “Sirab” ASC tərəfindən yeni istehsal xəttinin yaradılması, alma sirkəsi istehsalı sahəsinin genişləndirilməsi, Ordubad rayonunda heyvandarlıq kompleksinin yenidən qurulması və süd məhsullarının emalı sahəsinin yaradılması, Şahbuz rayonunda 1 spirtli içki, mürəbbə və turşu istehsalı sahəsinin yaradılması, 1 çörək (lavaş) istehsalı, kənd təsərrüfatı məhsullarının və təbii bitkilərin konservləşdirilməsi sahəsinin, Kəngərli rayonunda yeni duz istehsalı müəssisəsinin yaradılması, çaxır istehsalı sahəsinin genişləndirilməsi prosesləri də diqqətdə saxlanılır.
Qeyd edək ki, bu il fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə İqtisadiyyat Nazirliyinə də müvafiq tapşırıqlar verilib. Sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi də həmin tapşırıqların icrası istiqamətində görülən işlərin tərkib hissəsidir.