REGİONLAR
Naxçıvanda keçirilən “Avropa günləri”ndə könüllü kimi iştirak etmiş gənclərə sertifikatlar verilib
Naxçıvan, 26 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən “Avropa günləri”ndə könüllü kimi iştirak etmiş gənclərlə görüş olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görüşdə muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov çıxış edərək dövlətin apardığı gənclər siyasəti nəticəsində gənclərimizin cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrildiyini deyib.
“Son illər bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin bariz nümunəsidir ki, bu gün Naxçıvan gəncləri öz intellektual səviyyələri, bilik və bacarıqları ilə ölkədə tanınır və qəbul olunurlar. Gənclərin yüksək səviyyədə təhsil alması, intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə muxtar respublikada “Gənclik” Mərkəzi, ali təhsil müəssisələrində yeni tədris korpusları, olimpiya-idman kompleksləri və digər obyektlər tikilib və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilib”, - deyən nazir vurğulayıb ki, muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində gənclərin vətənpərvər ruhda tərbiyə olunması işi günün tələbləri səviyyəsində saxlanılır.
Nazir gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra tədbir iştirakçılarına nazirlik tərəfindən sertifikatlar təqdim edilib.