Naxçıvanda keçirilən konfransda Ümummilli Liderin prokurorluq orqanlarına diqqət və qayğısından danışılıb
AzerTAg.az
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar keçirilən tədbirlərin davamı olaraq, martın 17-də Naxçıvan Muxtar Respublikası Prokurorluğu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans təşkil edib.
Bu barədə AZƏRTAC-a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.
Konfransda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, tabe rayon (şəhər) prokurorluqlarının və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əməkdaşları, prokurorluğun veteranları, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin (NDU) əməkdaşları və universitetin tələbələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, onun unudulmaz xatirəsini ehtiramla anıblar.
Konfransın açılışında ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası hərbi prokuroru Yaşar Həsənov, prokurorluğun veteranı Ələddin Məmmədov, Muxtar Respublika prokurorluğunun şöbə rəisi Faiq Səfərov, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və NDU-nun hüquq fənləri kafedrasının müəllimi, universitetin gənclər təşkilatının sədri Əziz Qasımovun Ümummilli Liderin prokurorluq orqanlarına diqqət və qayğısı, dövlətçiliyin qorunması, gənclər siyasəti, respublikamızın, o cümlədən Naxçıvan Muxtar Respublikasının bütün sahələrdə inkişafı sahəsində misilsiz xidmətləri barədə çıxışları dinlənilib.
Konfransın yekununda Baş prokuror Kamran Əliyevin ideya müəllifi olduğu “Qanun naminə-Heydər Əliyev salnaməsi” adlı film nümayiş etdirilib.
Xəbərin mətnində orfoqrafik səhv var