REGİONLAR
Naxçıvanda məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı yaxşılaşdırılır
Naxçıvan, 22 oktyabr, AZƏRTAC
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 311-i 2021-ci ilin yanvar-sentyabr aylarında olmaqla, ümumilikdə, 3386 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yanvar-sentyabr aylarında 210 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilib, 65 ədədi nağd yolla satılıb. Bu dövrdə məhsul istehsalçıları 7542,3 ton mineral gübrə ilə təmin olunublar.
Müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların mövcudluğu təsərrüfatçılara əkin sahələrini genişləndirməyə və itkisiz şəkildə məhsul tədarük etməyə imkan verir. Belə ki, 2021-ci il 1 oktyabr tarixinə 105 min 807 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 11044 ton dən üçün qarğıdalı, 395 ton dən üçün günəbaxan, 77470,1 ton tərəvəz, 33615 ton ərzaq üçün bostan məhsulları, 41299,2 ton meyvə, 10158,4 ton üzüm tədarük olunub. Hazırda bir neçə məhsul növü üzrə yığım davam edir.