REGİONLAR
Naxçıvanda pandemiyanın özəl sektora təsiri və bununla bağlı təkliflər müzakirə olunub
Naxçıvan, 17 sentyabr, AZƏRTAC
Bu il muxtar respublikada sahibkarlıq subyektləri tərəfindən dövlət dəstəyi və özəl investisiya hesabına iqtisadi fəaliyyətin müxtəlif sahələrində 63 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb. Bu sahədə görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələri əhalinin istehlak tələbatını ödəməklə yanaşı, ixrac potensialının da genişlənməsinə səbəb olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası tərəfindən keçirilən “Pandemiyanın Naxçıvanda özəl sektora təsiri və bununla bağlı təklif, müzakirələr” adlı tədbirdə ətraflı danışılıb.
Sahibkarların iştirakı ilə baş tutan tədbirdə çıxış edən Konfederasiyanın sədri Vüqar Abbasov bildirib ki, bazar rəqabətində sahibkarlara dəstək verilməsi, işgüzar fəallığın artırılması məqsədilə vahid konfederasiya ətrafında onların könüllü ittifaqının yaradılması qarşıya qoyulan əsas məqsəddir.
Qeyd olunub ki, konfederasiya 33 üzvü özündə birləşdirir. Bu sahibkarlar arasında sənaye və ərzaq məhsulları, mebel və tikinti materialları istehsalı, həmçinin digər geniş profildə fəaliyyət göstərən iş adamları var. Artıq naxçıvanlı sahibkarlar Avropa və Asiyanın xeyli sayda biznes qurumları ilə sərbəst əlaqələr saxlayır, sərgi və forumlarda iştirak edirlər.
Vüqar Abbasov bildirib ki, mövcud şəraitdə iş adamlarını maraqlandıran əsas məsələlərdən biri bazar fürsətlərinin öyrənilib qiymətləndirilməsidir. Bu istiqamətdə də konfederasiya tərəfindən köməklik göstərilir. Pandemiya dövründə də sahibkarların hüquqlarını qoruyan, dövlət orqanları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edən konfederasiya yaradılan şəraitdən maksimum istifadə olunmasına kömək edir.
Məruzə ətrafında çıxış edən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Xudakərim Məmmədov nazirlik tərəfindən sahibkarlığa göstərilən dəstəkdən, Dövlət Gömrük Komitəsinin bölmə rəisi Turqut Abbasov isə gömrük rüsumlarının ödənilməsində sahibkarlara göstərilən dəstək barədə məlumat veriblər.
Sonra pandemiya şəraitində sahibkarların üzləşdiyi çətinliklər barədə sahibkarların fikirləri dinlənilib və qarşılıqlı müzakirələr aparılıb.