REGİONLAR
Naxçıvanda sosial qayğıya ehtiyacı olan uşaqlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar
Naxçıvan, 15 sentyabr, AZƏRTAC
Muxtar respublikada sosial qayğıya ehtiyacı olan uşaqların təhsili və reabilitasiyası daim diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu barədə 15 sentyabr – Bilik Günü münasibətilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil olunan tədbirdə ətraflı danışılıb.
Tədbirdə çıxış edən muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazir Nicat Babayev yeni tədris ilinin başlanması münasibətilə müəssisəyə cəlb edilmiş müvafiq kateqoriyadan olan uşaqları təbrik edib, onlara yeni tədris mövsümündə uğurlar arzu edib.
Nazir qeyd edib ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yaradılan hərtərəfli şərait, yeni tədris ilinin əvvəlində sosial qayğıya ehtiyacı olan uşaqların məktəbli geyimi və ləvazimatları ilə təmin edilməsi, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara göstərilən hərtərəfli dövlət qayğısının növbəti təzahürüdür.
Tədbirdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirin ardından mərkəzdə yeni təhsil ilində müvafiq dərslərin tədrisinə başlanılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin sistemli xarakter almasına, inklüziv və məsafədən (distant) təhsil üçün əsaslı zəminin yaradılmasına, onların bilik və bacarıqlarından daha səmərəli istifadə olunmasına yeni imkanlar yaradır.