REGİONLAR
Naxçıvanın ölkəmizin digər regionları ilə nəqliyyat əlaqəsinin bərpası onun iqtisadiyyatının daha da inkişafına töhfə verəcək
Naxçıvan, 11 noyabr, Rauf Kəngərli, AZƏRTAC
Vətən müharibəsində Böyük Qələbə əldə edən Azərbaycanın Ermənistan və Rusiya ilə birgə imzaladıqları bəyanatda ölkəmizin ərazi bütövlüyü qorundu və bu sənəd çox əhəmiyyətli istiqamətlərdə yeni addımların atılmasına zəmin yaratdı. Bəyanatda Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan və ana torpaqdan ayrı salınan Naxçıvan Muxtar Respublikasının gələcək nəqliyyat əlaqələrinin yaradılması da nəzərdə tutulur. Beləliklə, Naxçıvan Muxtar Respublikasının ölkəmizin digər regionları ilə rahat əlaqəsi bərpa olunacaq və bu da Naxçıvanın iqtisadiyyatının daha da inkişafına mühüm töhfə verəcək.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində deyən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova bildirib ki, nəqliyyat koridorunun yaradılması bütün sahələrlə yanaşı, turizmin, o cümlədən Türkiyə ilə türk dünyası arasında əlaqələrin inkişafına səbəb olacaq. Digər tərəfdən, məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası qədim sivilizasiyanın beşiyi, mədəniyyət mərkəzimizdir. İntensiv əlaqələr milli mədəniyyətimizin zənginləşməsində də öz rolunu oynayacaq.
Vətən müharibəsində ordumuzun əsgər və zabitlərinin göstərdikləri şücaətlərin dillərə dastan olduğunu bildirən Aytən Cəfərova qeyd edib ki, Azərbaycan xalqı müxtəlif tarixi dönəmlərdə öz torpaqlarının müdafiəsi uğrunda örnək olacaq mübarizə aparıb. Bu mübarizələrin hər birində xalqın qəhrəman övladlarının şücaəti dillərə dastan olub. Vətən müharibəsi də qəhrəmanlıq səhifələri ilə zəngindir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan xalqı 30 ildir işğala məruz qalan torpaqlarına qovuşdu. Bu, möhtəşəm qələbədir.
“Azərbaycana torpaq iddiası qaldıran qonşularımız – ermənilər özləri də yaxşı bilirlər ki, iddiasında olduqları məkanlar əbədi və əzəli Azərbaycan torpaqlarıdır. Lakin “böyük Ermənistan” xülyasında olan bu millət “arzularını” oğurluqla əldə etdikləri qonşu torpaqları hesabına gerçəkləşdirmək istəyiblər. Bu gün isə onlar bu yuxudan oyandılar! Müstəqil Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və onun rəhbərliyindəki Milli Ordumuz sayəsində!” – deyən Aytən Cəfərova qeyd edib ki, 30 illik ayrılıq 44 günlük müharibə nəticəsində sona çatdı. Lakin bu, heç də təkcə 44 günlük müharibənin nəticəsi deyil. 26 illik atəşkəs dövründə aparılan uğurlu daxili və xarici siyasət, iqtisadiyyatımızın daha da gücləndirilməsi, qazanılan beynəlxalq nüfuz, övladlarımızın vətənpərvər ruhda tərbiyəsi, Vətənə canla-qanla bağlılıq, milli-mənəvi dəyərlərə hörmət hisslərinin təbliğ edilməsi kimi mühüm addımlar Böyük Qələbəyə öz töhfəsini verdi.
Aytən Cəfərova vurğulayıb ki, noyabrın 9-da imzalanan sülh müqaviləsində yer alan Azərbaycanın işğaldan azad olunmamış digər ərazilərinin sülh yolu ilə geri qaytarılması haqqındakı maddələr xalqımızın sevincini birə-min artırdı. Düzdür, onsuz da torpağını azad etmək yolunda canını hər an fəda etməyə hazır olan xalq mübarizədən bir an belə yorulmadı və heç vaxt geri çəkilmək niyyətində deyildi. Hətta 2 övladı olub, onlardan biri şəhidlik məqamına ucalan ana övladının dəfn mərasimində digər oğlunu da “Vətənə qurban olsun” deyirdi. Biz belə möhtəşəm xalqın övladıyıq!