REGİONLAR
Naxçıvanlı veteran polislər əsgərlərimizə sovqat aparıblar
Naxçıvan, 14 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Veteranlar Şurasının üzvləri Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında olublar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əsgərlərlə görüşdə çıxış edən Daxili İşlər Nazirliyi Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov, Naxçıvan Şəhər Polis İdarəsi Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Mübariz Quliyev bu gün Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsində əsl qəhrəmanlıq göstərdiyini bildiriblər.
Vurğulanıb ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi, dinc sakinləri atəşə tutmasına, evlərimizi, sosial obyektlərimizi dağıtmasına cavab olaraq qəhrəman əsgər və zabitlərimiz əks-hücum əməliyyatına başlayıb, qısa vaxt ərzində bir neçə yaşayış məntəqəsini, yüksəklikləri, idarəetmə punktlarını ələ keçiriblər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşən xalqımız həmin torpaqların qısa vaxt ərzində geri alınacağına əmindirlər. Həmin döyüşlər Qələbənin yaxın olduğunu göstərir. Biz torpaqlarımızı ya müharibə yolu ilə, ya da danışıqlar yolu ilə mütləq düşməndən azad edəcəyik.
Qeyd olunub ki, bu gün dövlətimiz tərəfindən ordu birləşmələri bütün zəruri vasitələrlə, o cümlədən keyfiyyətli ərzaq ehtiyatları ilə tam təmin olunub. Lakin ordunun hərtərəfli döyüş qabiliyyətinə malik olması üçün əsgərlərin mənəvi-psixoloji durumunun yüksək səviyyədə saxlanılması başlıca şərtlərdən biridir. Yüksək mənəvi-psixoloji durum, həmçinin döyüş ruhunun yüksəlməsinə xidmət edir.
Zabit Orxan Seyidov, əsgərlər Eldəniz Fərzəliyev, Ramin Qaracayev, Səhman Quliyev, Kamran Şuşanov, Sənan Mustafayev onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə və xalqımıza minnətdarlıqlarını bildiriblər.
Sonra gətirilən sovqat əsgərlərə təhvil verilib.