İQTİSADİYYAT


Nazir: Beynəlxalq ictimaiyyət Ermənistanı terror aktlarına görə sərt şəkildə qınamalıdır

Bakı, 13 oktyabr, AZƏRTAC

Beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi terror aktlarına görə sərt şəkildə qınamalı və bu fəaliyyətindən çəkinməyə çağırmalıdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanovla görüşdə səsləndirib.

Görüş zamanı R.Quluzadə səfirə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları və Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə məlumat verib. O bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Ağdam, Ağcabədi, Tərtər, Goranboy və Bərdə rayonlarına, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinə raket hücumları nəticəsində sentyabrın 27-dən bu günədək 42 nəfər dinc sakin həlak olub, 206 mülki şəxs yaralanıb, 1786 mülki infrastruktura, o cümlədən poçt və rabitə infrastrukturuna ziyan dəyib.

Nazir qeyd edib ki, oktyabrın 10-da Moskvada tərəflər arasında humanitar atəşkəsin əldə olunmasına baxmayaraq, 24 saat keçməmiş Ermənistanın Vardenis şəhərindən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə ballistik raket atılıb. Raketin mülki əhalinin sıx yaşadığı yaşayış binasına düşməsi nəticəsində 10 dinc sakin həlak olub, 34 mülki şəxs yaralanıb.

R.Quluzadə Özbəkistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli üçün göstərdiyi dəstəyə görə səfir B.Aşrafxanova təşəkkür edib. Nazir qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi terror aktlarına görə sərt şəkildə qınamalı və bu fəaliyyətindən çəkinməyə çağırmalıdır.

Görüşdə iki ölkə arasında avtomobil, dəniz və hava nəqliyyatı, tranzit yükdaşımaları və innovasiya sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nazir B.Aşrafxanovu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.