REGİONLAR
Nazir Məcnun Məmmədov kümçülərə məhsuldar mövsüm arzulayıb
Qax, 27 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Bu gün Qax Damazlıq İpəkçilik Stansiyasında ipəkqurdlarının kümçülərə paylanılması prosesinə başlanılıb. Bununla da, respublikada baramaçılıq mövsümünə start verilir. Hazırda olduğumuz stansiya da daxil olmaqla, Ağsu, Zaqatala, Bərdə və Zərdab rayonlarında da qurutma məntəqələri var və bu məntəqələrdə də ipəkqurdu toxumları inkubasiyaya qoyulub. İnkubasiya mərhələsi başa çatan kimi, ipəkqurdları əvəzsiz şəkildə kümçülərə paylanacaq. Düşünürəm ki, qısa bir müddət çərçivəsində bu proses başa çatdırılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov aprelin 27-də Qax Damazlıq İpəkçilik Stansiyasında ipəkqurdu toxumunun inkubasiyası nəticəsində əldə olunan ipəkqurdlarının kümçülərə paylanılması ilə bağlı keçirilən tədbirdə jurnalistlərə müsahibəsində bildirib.
Baramaçılıq mövsümünə hazırlıqla bağlı görülən işlərə toxunan Məcnun Məmmədov deyib: “Mövsümə hazırlıq olaraq bütün işlər tamamlanıb. Kümxanaların dezinfeksiyası işləri aparılıb. Kümxanalar aqro-zootexniki tələblərə, standartlara gətirilib, eyni zamanda, kümçülərin təlimlərə cəlb olunması üçün işlər görülüb”.
Azərbaycanda tarixən baramaçılıq ənənələrinin mövcud olduğunu vurğulayan kənd təsərrüfatı naziri qeyd edib ki, bu ənənələri davam etdirmək, bu sahəni dirçəltmək məqsədilə dövlət daim kümçülərə dəstək olur. Kümçülərə toxumların pulsuz verilməsi, yaş baramanın subsidiyalaşdırılması bu dəstək mexnizmlərindən bəziləridir.
Məcnun Məmmədov deyib: “Beləliklə, yeni baramaçılıq mövsümünü açıq elan etmiş oluruq. Kümçüləri mövsümün başlanması münasibətilə təbrik edir, qarşıda xeyirli, bərəkətli və məhsuldar bir mövsüm arzulayıram”.