ELM VƏ TƏHSİL
Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının monoqrafiyası çap olunub
Bakı, 18 may, AZƏRTAC
Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları kimya elmləri doktoru, professor Minavər İbrahimova və kimya üzrə fəlsəfə doktoru Ziyarət Paşayevanın “İon mayeləri polimerlər kimyasında” monoqrafiyası çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiya ekoloji zərərsiz, iqtisadi baxımdan səmərəli, “yaşıl kimya” texnologiyalarını yaratmağa imkan verən, ion mayelərinin sintezi və polimer kimyası sahəsində mövcud olan geniş araşdırmaların təhlilinə həsr olunub. Monoqrafiyada Neft-Kimya Prosesləri İnstitutunun aparıcı mütəxəssisləri tərəfindən ion mayelərinin tətbiqi sahəsində aparılan tədqiqatlarının nəticələri ümumiləşdirilib. Dünya miqyasında son on beş ildə yüksək molekullu birləşmələr sahəsində ən vacib müasir tendensiyalar və ion mayeləri kimi unikal birləşmələrin polimer kimyasında tətbiqinə dair ədəbiyyat məlumatları araşdırılıb.