ELM VƏ TƏHSİL


Neft və Sənaye Universitetində respublika fənn olimpiadası keçirilib

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) buraxılış siniflərinin şagirdləri üçün fizika, riyaziyyat və kimya fənləri üzrə respublika fənn olimpiadası keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, olimpiadada Bakı şəhərinin ümumtəhsil məktəblərindən ümumilikdə 135 nəfər XI sinif şagirdi iştirak edib. Onlardan 39-u fizika, 53-ü riyaziyyat, 43-ü isə kimya fənni üzrə biliklərini yoxlayıb. Azərbaycan və rus dillərində olmaqla yazılı formada aparılan imtahanda hər şagird yalnız bir fənn üzrə iştirak etmək hüququna malik olub.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı imtahanların keçirildiyi otaqları gəzib, olimpiadanın gedişatını izləyib.

Daha sonra olimpiadada iştirak edən məktəblilərin valideynləri ilə görüşən rektor universitetdə gənclərin yüksək səviyyədə təhsil almaları üçün görülən işlərdən danışıb, onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, olimpiada gənclərin dəqiq elmlərə marağının artırılması, istedadlı gənclərin aşkarlanması və müvafiq sahələr üzrə istiqamətləndirilməsi məqsədilə keçirilir.

İmtahanlarda ən yüksək nəticə göstərən şagirdlər universitet tərəfindən mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.