REGİONLAR


Neftçalada 4 yaşayış məntəqəsinin yolu yenidən qurulur VİDEO

Bakı, 29 iyul, AZƏRTAC

Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişini təmin etmək, kənd təsərrüfatının inkişafını sürətləndirmək məqsədilə respublikanın yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu avtomobil yolunun 7-ci kilometrindən ayrılan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq agentlik tərəfindən 38 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihəsinin icrasına başlanılıb.

Uzunluğu 10 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun torpaq əsaslı ərazisində deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülüb, hazırda yeni yol geyimi inşa edilir.

Yolun yararsız asfalt-beton örtükdən ibarət olan hissəsində isə hazırda eni 1,5 metr, uzunluğu 900 metr olan piyada səkisinin inşası aparılır.

Layihə çərçivəsində yolun 1,5 kilometrlik Bankə–Beştalı ərazisində Kür çayı üzərində yerləşən və uzunluğu 286 metr olan körpünün təmiri də nəzərdə tutulub.

Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri icra olunur.

Layihənin sonuncu mərhələsində yola yeni asfalt-beton örtüyünün döşənməsi, hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal, işıq dirəklərinin və kilometr göstəricilərinin, dayanacaqların quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.