REGİONLAR
Neftçalada bu günədək sahələrdən 9 min tondan çox pambıq yığılıb
Neftçala, 15 noyabr, Mahir Babayev, AZƏRTAC
Neftçalada pambıq sahələrindən bu günə kimi 9 min 347 ton məhsul toplanılıb ki, bu da ötən il rayonda tədarük olunan məhsuldan 248 ton çoxdur. Yığılan pambığın 50-55 faizi maşınların köməyi ilə toplanılıb. Hazırda sahələrdə 21 pambıqyığan kombayn işləyir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il Neftçalada 7 min hektarda pambıq əkilib. Torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə nümunəvi qulluq göstərildiyindən bu il məhsul boldur. Sahibkarlar yetişdirdikləri pambığı son qozasınadək toplamaq üçün bütün qüvvələrini sərf edirlər. Rayonun Xol, Boyat, Sarıqamış, Mirzəqurbanlı kəndlərində yığım daha mütəşəkkil təşkil olunub. Bu kəndlərdə sahələrin hər hektarından 25-30 sentner məhsul götürülür.
Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar 9 min 96 ton pambıq yığıblar.