REGİONLAR
Neftçalada cari ildə 13,2 min tonadək süd istehsal olunub
Neftçala, 9 iyul, Mahir Babayev, AZƏRTAC
Neftçalada aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd, yumurta və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.
Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 43 min 985 baş mal-qara və 145 min 428 baş qoyun-keçi saxlanılır. Naxırda ana inək və camışların sayı 21 min 757 baş təşkil edir. Qoyun və keçilərin sayı isə ötən ilin eyni dövrünə nisbətən 2325 baş və ya 1,6 faiz artıb.
İyulun əvvəlinə rayonda 5 min 432,4 ton ət (diri çəkidə), 13 min 189,5 ton süd, 5 milyon 395 min ədəd yumurta, 3 min 711,4 ton quş əti (diri çəkidə), 293,3 ton yun istehsal edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 22,4, yumurta istehsalı 1,9, yun istehsalı isə 10,3 faiz çoxalıb.