REGİONLAR
Neftçalada cari ilin doqquz ayında süni mayalama yolu ilə 1653 baş buzov alınıb
Neftçala, 24 oktyabr, Mahir Babayev, AZƏRTAC
Neftçalada aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində, ət və süd istehsalının, mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə baş ətlik və südlük istiqamətli düyələr gətirilib, süni mayalama məntəqələrinin şəbəkəsi genişləndirilib.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda Neftçalada 9 süni mayalama məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrdə mütəxəssislər tərəfindən mayalama aparılan 2274 baş camış, inək və düyədən 1653 baş buzov alınıb. Bu da ötən ildəkindən 495 baş çoxdur. Süni mayalama yol ilə alınan buzovlara görə maldarlara 165 min 300 manat subsidiya ödənilib.
Süni mayalama yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır. Bu yolla alınan heyvanların həm diri çəkisi, həm də südü yerli inəklərinkindən 3-4 dəfə çox olur.