REGİONLAR
Neftçalanın 26 yaşayış məntəqəsində kütləvi tibbi müayinələr başa çatıb
Neftçala, 10 aprel, Mahir Babayev, AZƏRTAC
Neftçalada əhalinin kütləvi dispanserizasiyası uğurla davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya şöbələri və laboratoriyada insanların tibbi müayinəsi üçün bütün imkanlar yaradılıb. Aksiya çərçivəsində müxtəlif ixtisaslardan ibarət beş peşəkar həkim briqadası rentgen, ultrasəs müayinəsi, laborator və digər müayinələr aparır.
Humanitar aksiya rayon üzrə 65 min 812 nəfər əhalini əhatə edir. Kənd və qəsəbələrdə aktivliyi təmin etmək üçün kütləvi izahat, təbliğat-təşviqat işləri aparılır. Rayon icra hakimiyyətində yaradılan qərargah müayinələrin gedişinə ciddi nəzarət edir. Fiziki imkanları məhdud, ahıl insanların müayinəsi də diqqət mərkəzində saxlanılır. Dörd səyyar həkim briqadası bu kateqoriyadan olan sakinlərin müayinəsini evlərdə həyata keçirir.
Aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı, bir kənd xəstəxanası, 15 həkim məntəqəsi, 100-dən çox həkim və orta tibb işçisi kampaniyaya cəlb olunub.
İşin yaxşı təşkili nəticəsində artıq 72 kollektivdə və 26 yaşayış məntəqəsində müayinələr başa çatdırılıb. Tibbi müayinədən keçirilmiş 35 min 688 nəfərdən 1613 nəfəri ambulator, 17 nəfəri stasionar müalicəyə cəlb olunub. 8 nəfər isə təkrar müayinə və müalicə üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Sakinlər humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirirlər.