DÜNYA
Nepalda COVID-19 infeksiyasına gündəlik ən çox yoluxma qeydə alınıb
Pekin, 16 sentyabr, AZƏRTAC
Nepalda COVID-19 yayılmağa başlayandan bəri sutkalıq ən çox yoluxma faktı ötən gün qeydə alınıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Nepalın Səhiyyə və Əhali Nazirliyi sentyabrın 15-də ölkədə 1459 nəfərin COVID-19 infeksiyasına yoluxduğunu təsdiqləyib. Yoluxma sayının çoxalması hökumətin karantin rejimini yumşaltması fonunda baş verir. Ümumiyyətlə, iyulun son günlərindən başlayaraq Nepalda yoluxma sayında davamlı artım müşahidə olunur. İndiyədək ölkədə 56 min 788 nəfər virusa yoluxub, 371 nəfər isə bu səbəbdən vəfat edib.
Nazirlik virusun daha çox insanların sıx yaşadığı kəndlərdə sürətlə yayıldığını açıqlayıb.
Qeyd edək ki, Nepal hökuməti sentyabrın 14-dən daxili uçuşların bərpasına, yerüstü nəqliyyat ilə sərnişin daşınmasına, mehmanxana və restoranların fəaliyyətinə icazə verib. Üzgüçülük hovuzları, gözəllik salonları, teatr və kinoteatrlar, rəqs salonları isə hələ bağlı qalacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin