İQTİSADİYYAT
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini “AHK Azərbaycan”ın İKT işçi qrupunun görüşündə iştirak edib
Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) işçi qrupunun növbəti görüşündə iştirak edib.
“AHK Azərbaycan”dan AZƏRTAC-a bildirilib ki, görüşün əsas mövzusu 2016-cı ilin dekabrında qəbul olunan "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi" olub. Müzakirələrdə, həmçinin rəqəmsal iqtisadiyyatda və ictimai sektorda İKT səmərəliliyinin daha da artırılmasında İKT infrastrukturunun əhəmiyyəti vurğulanıb.
Tədbirdə “AHK Azərbaycan”ın idarə heyətinin sədr müavini Fərid İsayev və Almaniya Federativ Respublikasının səfirliyinin missiya rəhbərinin müavini Tereza Şönfeld çıxış ediblər.
“AHK Azərbaycan”ın İKT işçi qrupunun sədri Rüfət Hacıəlibəyov işçi qrupunun fəaliyyəti və görüşün əsas mövzusu barədə təqdimat keçirib.
Görüşün fəxri qonağı olan Elmir Vəlizadə Azərbaycanın İKT siyasəti ilə bağlı fikirlərini bölüşüb və Strateji Yol Xəritəsinə əsaslanan tədbirlər planı barədə qısa məlumat verib, sürətlə inkişaf edən texnologiya dünyasında 5G texnologiyasının əhəmiyyətini vurğulayıb.
Tədbirin sual-cavab hissəsində nazir müavini görüşdə iştirak edən yüksək səviyyəli şirkət nümayəndələrinin suallarını cavablandırıb və onları müzakirə olunan mövzular və Azərbaycanda İKT strategiyasının həyata keçirilməsinin təkmilləşdirilməsinə dair imkanlar barədə təkliflərini irəli sürməyə çağırıb.