İQTİSADİYYAT
Nərimanov rayonunda Arif Hacıyev küçəsi təmir olunur
Bakı, 17 iyun, AZƏRTAC
Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Nərimanov rayonu ərazisində ümumi uzunluğu 10,5 kilometr olan 15-dən çox küçə və yolun təmiri işləri aparılır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, rayon ərazisində təmiri nəzərdə tutulan küçələrdən biri də uzunluğu 500 metr olan Arif Hacıyev küçəsidir. Hazırda küçədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. İşlər yekunlaşdıqdan sonra rayon üzrə İnvestisiya Proqramına əsasən digər ərazilərdə də təmir işləri aparılacaq.
Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun həyata keçirilir.
Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində uzunluğu 20 kilometrdən çox olan küçə və yol təmir edilib.