CƏMİYYƏT
Nərimanov rayonunda paytaxt sakini bıçaqla hədələnərək avtomobili əlindən alınıb
Bakı, 30 iyun, AZƏRTAC
Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə iyunun 29-da saat 3 radələrində rayon ərazisində bir nəfərin “Opel” markalı avtomobilin sürücüsü, paytaxt sakini S.Məmmədlini bıçaqla hədələyib avtomobilini ələ keçirərək hadisə yerindən uzaqlaşması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə tapılıb və salonundan sürücüyə məxsus mobil telefonun götürülməsi aşkarlanıb.
Quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Şərifov müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.