CƏMİYYƏT
Nərimanov rayonunda yaşıllıq ərazisində ağacların zədələnməsi faktı aşkarlanıb
Bakı, 1 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə paytaxtın Nərimanov rayonunda Ağa Nemətulla küçəsi 1987 ünvanında ağacların zədələnməsi və dibinə mənşəyi məlum olmayan maddə tökülməsi ilə bağlı daxil olan şikayəti Bakı şəhər Ekologiya və Təbii Sərvətlər və Ətraf Mühit üzrə Milli Monitorinq departamentlərinin əməkdaşları yerində araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin ünvana keçirilən baxış zamanı çəpərlənmiş yaşıllıq ərazisində 4 ağacın zədələndiyi məlum olub. Analiz aparılması üçün ağacların dibindən nümunələr götürülüb. Analizin nəticələri iki gün ərzində məlum olacaq və qanunauyğun tədbirlər görüləcək.
Ağacları zədələdiyinə görə yaşıllıq ərazinin sahibi Tofiq Balayev barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 800 manat məbləğində cərimə olunub. Həmin ağaclara profilaktik xidmət göstərilməsi, qorunub mühafizə olunması məqsədilə T.Balayevə icrası məcburi olan “məcburi göstəriş” verilib.