ELM VƏ TƏHSİL
“Nəsimi ili”nə həsr olunan beynəlxalq elmi konfrans təşkil ediləcək
Bakı, 11 may, AZƏRTAC
UNESCO-nun təsis etdiyi Dünya Fəlsəfə Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda noyabrın 21-də “Nəsiminin fəlsəfəsi və UNESCO-nun idealları” və noyabrın 22-də “İslam fəlsəfəsində Nəsimi fenomeni” mövzularında beynəlxalq elmi konfranslar keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “İslam fəlsəfəsində Nəsimi fenomeni” mövzusunda beynəlxalq elmi konfransın işçi dilləri Azərbaycan və ingilis dilləridir.
Konfrans “Hürufilik və onun Azərbaycanda nümayəndələri”, “Hürufilik və sufizm: paralellər, fərqlər, oxşar cəhətlər”, “Nəsimi fəlsəfəsində mistika”, “Nəsimi fəlsəfəsində sufizm və hürufizm”, “Ənə’l-Həqq fenomeninin mahiyyəti və təzahürləri”, “Nəsimi poeziyası Azərbaycan sufi şeirinin zirvəsi kimi”, “Nəsimi: təxəyyül və reallıq arasında” mövzularını əhatə edəcək.
Konfransda iştirak etmək istəyənlər məruzələrinin tezislərini iyulun 1-dək [email protected] və [email protected] elektron ünvanına göndərməlidir.
Tezislərin qəbul edilməsi məqalənin qəbul edilməsi demək deyil. Məqalələr konfransın elmi heyəti tərəfindən qiymətləndirildikdən sonra 15 gün ərzində müəllifə məlumat veriləcək. Qəbul edilmiş məruzələrin tam mətni oktyabrın 10-dək təqdim olunmalıdır.
Məqalələr sertifikatla təltif ediləcək və konfrans materialları toplusunda ISBN indeksi altında dərc ediləcək.
Konfrans haqqında ətraflı məlumat http://philosophy.edu.az saytında yerləşdirilib.
Xatırladaq ki, Dünya Fəlsəfə Günü UNESCO-nun təşəbbüsü ilə 2002-ci ildə təsis edilib. Həmin vaxtdan etibarən hər il noyabr ayının üçüncü cümə axşamı günü Dünya Fəlsəfə Günü kimi qeyd edilir. Bu əlamətdar günün keçirilməsində məqsəd baş verən qlobal sosial-mədəni dəyişikliklərin müzakirəsinin ümumi platformasını tapmaq, insanları fəlsəfi irsin qorunmasına cəlb etmək, yeni ideyalar üçün təfəkkür dairəsini genişləndirmək, vətəndaş cəmiyyətinin və mütəfəkkirlərin açıq debatlarını stimullaşdırmaqdır.
Hazırda dünyanın 70-dən çox ölkəsində bu gün UNESCO-nun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans və iclaslar, dəyirmi masa və seminarlar, fəlsəfənin aktual problemlərinə həsr olunmuş kitabların sərgisi ilə qeyd olunur.