CƏMİYYƏT
Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkərana yola düşüblər
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 40 şagird Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Lənkəran şəhərinə yola düşüblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Nəsimi rayon məktəbliləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri qoyublar.
Tur-aksiyada iştirak edən Nəsimi rayonu İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbin şagirdi Nigar Sərdarova sevincini belə ifadə edib: “Mən ilk dəfədir ki, “Ölkəmizi tanıyaq” layihəsində iştirak edirəm. Çox sevinirəm. İnanıram ki, özümə yeni dostlar qazanacağam. Cənub bölgəsinə səfərin çox maraqlı olacağını düşünürəm. Oranın tarixi məkanları, gəzməli-görməli yerləri ilə yaxından tanış olacağıq. Bu şəraiti bizə yaratdığına görə Prezidentimiz İlham Əliyevə minnətdarıq”.
Yusif Mirzəyev adına 44 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Leyla Əsədova deyib: “Bu, çox önəmli layihədir. Biz məktəblilərə ölkəmizi daha yaxından tanımaq üçün çox yaxşı imkan yaradır. Biz görmədiyimiz bölgələrimiz barədə kitablar, internet vasitəsilə məlumat əldə edirdik, lakin bu layihə sayəsində indi həmin yerlərin canlı şahidi olacağıq və əminəm ki bu, bizdə çox xoş təəssüratlar yaradacaq. Oxuduğum məktəbdən yoldaşlarım əvvəllər bu tur-aksiyada iştirak ediblər. Onlar öz təəssüratlarını bölüşəndə mənə çox maraqlı gəlirdi və arzulayırdım ki, mən də bu tur-aksiyada iştirak edim. Bu gün çox xoşbəxtəm ki, bu arzum həyata keçdi, mən də bu tur-aksiyanın iştirakçısıyam”.
Daha sonra məktəblilər Lənkəran şəhərinə yola düşüblər.