İQTİSADİYYAT


Nəsimi rayonunda Alı Mustafayev küçəsinin bir hissəsi təmir edilir

Bakı, 13 oktyabr, AZƏRTAC

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq paytaxtın Nəsimi rayonu ərazisində 800 metr uzunluğa malik Alı Mustafayev küçəsinin yan yollarında, 3 mikrorayon dairəsindən “Xutor dairəsi” adlanan əraziyədək olan hissəsində agentlik tərəfindən yenidənqurma işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, 2 hərəkət zolaqlı olmaqla, eni ortalama 8 metr təşkil edən Alı Mustafayev küçəsinin sözügedən hissəsinin uzun müddət təmir edilməməsi hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunur, yeni səki daşları düzülür. Küçə boyu köhnə örtük yeni asfalt-beton örtüyü ilə əvəz olunur.

Bundan başqa, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeni yağış barmaqlıqları və yeraltı kommunikasiya xətlərinə baxış qapaqları qoyulur.

Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədilə zəruri yerlərdə yol nişanları quraşdırılaraq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Dövlətimizin başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 10 kilometrdən çox küçə təmir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.