ELM VƏ TƏHSİL


Nəsiminin yaradıcılığı Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində layiqli yer tutur

Bakı, 1 noyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan dili və pedaqogika kafedrasının təşəbbüsü ilə böyük mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş seminar keçirilib.

Seminarda universitetin professor-müəllim heyəti ilə yanaşı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan alimlər iştirak ediblər.

Giriş sözü ilə çıxış edən universitetin elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov Prezident İlham Əliyevin Sərəncamına əsasən 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğunu və şairin 650 illik yubileyinin yüksək səviyyədə qeyd edildiyini xatırladıb. Prorektor bu Sərəncamın icrasına uyğun olaraq AzMİU-da Nəsiminin yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirildiyini qonaqların diqqətinə çatdırıb. O, bu ilin dekabrında universitetdə keçiriləcək tələbə və magistrantların konfransının da Nəsiminin yubileyinə həsr olunduğu bildirib.

Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədova 2019-cu il ərzində universitetdə Nəsimiyə həsr olunmuş tədbirlərdən, tələbələrin Nəsimi irsinə böyük marağından danışıb. Vurğulayıb ki, Nəsiminin 650 illiyinin ölkəmizdə, hətta onun hüdudlarından kənarda geniş şəkildə qeyd edilməsi mütəfəkkir şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir.

Seminarda Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev Nəsiminin yaradıcılığına nəzər yetirib, onun əsərlərinin əhəmiyyətindən və ömür yolundan söz açıb. 1972-ci ildən Nəsimi irsini araşdırdığını deyən alim onun yaradıcılığının Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutduğunu qeyd edib. O, dövlət tərəfindən şairin xatirəsinə yüksək ehtiram nümayiş olunduğunu deyib: “Təxminən 50 il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Nəsiminin 600 illik yubileyi keçirildi. Ötən illər ərzində şairin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Onun ədəbiyyatda, incəsənətdə parlaq obrazları yaradıldı, “Nəsimi” bədii filmi çəkildi, Bakıda mütəfəkkir şairin heykəli ucaldıldı. Bu il isə ölkə rəhbərinin Sərəncamına əsasən respublikamızda İmadəddin Nəsiminin 650 illik yubileyi yüksək səviyyədə qeyd edilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.