MƏDƏNİYYƏT
Niyazinin mənzil-muzeyində növbəti tədbir Çingiz Hacıbəyova həsr ediləcək
Bakı, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Əməkdar incəsənət xadimi, dirijor Çingiz Hacıbəyovun 105 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov AZƏRTAC-a bildirib ki, tədbirdə Ç. Hacıbəyovun həyat və yaradıcılığı haqqında çıxışlar olacaq, konsert proqramı təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycanda musiqili teatrın yaradıcılarından olan Çingiz Hacıbəyov 1932-ci ilin noyabrından Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrində Üzeyir Hacıbəyovun və Müslüm Maqomayevin rəhbərliyi ilə skripkaçı kimi fəaliyyətə başlayır. Üç il burada işlədikdən sonra 1935-ci ilin noyabrından hərbi xidmətə çağırılır. Ordu sıralarından qayıtdıqdan sonra qardaşı Niyazi kimi Çingizdə də dirijorluq sənətinə böyük maraq yaranır və o, 1937-ci ildə Azərbaycan Xalq Komissarları Soveti nəzdində Radio komitənin simfonik orkestrinə dirijor assistenti, bir ildən sonra dirijor vəzifəsinə təyin olunur. Bu illər Çingizin dirijorluq fəaliyyətinin başlanğıcı hesab olunur. Dirijorluğa meyl onlarda yəqinki nəsillikcə idi. Onun qardaşı Niyazi də məhz bu illərdə dirijorluq sənətinin incəliklərinə yiyələnməyə başlayır. Radio Komitənin simfonik orkestri ilə Çingiz Niyazi ilə birgə Azərbaycan bəstəkarlarının ilk simfonik əsərlərinə və Ü.Hacıbəyovun, M.Maqomayevin və Z.Hacıbəyovun operalarının orkestr fraqmentlərinə dirijorluq edir. 1963-cü ilin iyunundan ömrünün sonuna kimi Çingiz Hacıbəyov öz həyatını və yaradıcılığını Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə bağlayır və uzun illər burada dirijor kimi fəaliyyət göstərir. Onun repertuarına Qərbi Avropa, rus klassikləri və Azərbaycan bəstəkarlarının əsərləri daxil idi.