Nizami Gəncəvinin milli kimliyi öz əsərlərində - elmi mühazirə
AzerTAg.az
Bakı, 30 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Nizami Gəncəvinin milli kimliyi öz əsərlərində” mövzusunda elmi mühazirə təşkil olunub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri dosent Knyaz Aslan məruzə ilə çıxış edib. O, 2021-ci ildə - Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli”ndə ölkəmizdə və xaricdə dahi şairin yaradıcılığına dair mühüm tədbirlər keçirildiyini xatırladıb.
Məruzədə Nizaminin “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” əsərlərində türk düşüncəsinin hakim olması, türk xalqlarının həyat tərzi, dünyagörüşü, mədəniyyəti, adət-ənənələrinin ifadə olunması ədəbi faktlarla şərh edilib. Bu əsərlərdə türk sözünün dəfələrlə və iftixarla çəkildiyi, eyni zamanda, xeyli sayda türk dilində sözlərin yer aldığı qeyd olunub.
Kafedra müdiri qeyd edib ki, Nizami doğma Vətəninə bağlı olan, əsərlərində onu tərənnüm edən mütəfəkkirdir.
“Azərbaycan və dünya nizamişünaslarının araşdırmalarının hərtərəfli təhlili, görkəmli mütəfəkkirin əsərlərinin filoloji və bədii tərcümələrinin diqqətlə öyrənilməsi əsasında belə bir elmi qənaətə gəlmək olur ki, Nizami orta əsrlərin ədəbi ənənələrinə və dövrün tələblərinə görə əsərlərini əsasən fars dilində yazsa da, bədii təfəkkürü, düşüncə tərzi, ifadə üslubu ilə birmənalı olaraq Azərbaycan ədəbiyyatının klassikidir”,- deyə Knyaz Aslan vurğulayıb.


Xəbərin mətnində orfoqrafik səhv var