MƏDƏNİYYƏT


“Nizami” Kino Mərkəzində “Yarımçıq xatirələr” filminin premyerası olub VİDEO

Bakı, 9 may, AZƏRTAC

“Nizami” Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Yarımçıq xatirələr” filminin premyerası olub.

AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Vətən müharibəsi veteranlarını, əsgərləri, zabitləri və generalları, habelə zalda əyləşən Belarus və Gürcüstan nümayəndə heyətlərini səmimi salamlayaraq onları Qələbə bayramı münasibətilə təbrik edib.

Ə.Qarayev deyib: Bu gün xüsusi bir gündür. Dünya faşist Almaniyası üzərində Qələbənin 70 illiyini qeyd edir. Mədəniyyət cəbhəsinin əməkçiləri də bu bayrama əliboş gəlməyiblər. İndi əsgər qəhrəmanlığına həsr olunmuş filmə baxacağıq. Bizim üçün bu mövzu bu gün də aktualdır. Vaxtilə Böyük Vətən müharibəsi cəbhələrində hamı ilə birlikdə çiyin-çiyinə döyüşmüş Azərbaycan xalqı indi qonşu xalqın təcavüzünə məruz qalıb.

Qeyd olunub ki, filmin 150 nəfərdən ibarət yaradıcı kollektivi keçmiş sovet xalqlarının nümayəndələri – beloruslar, gürcülər, azərbaycanlılardır.

Sonra filmin yaradıcı kollektivi səhnəyə çıxıb. Kollektivi tamaşaçılara təqdim edən rejissor Elxan Cəfərov ekran əsərinin yaradılmasına dəstək olduqlarına görə Müdafiə və Daxili İşlər nazirliklərinə təşəkkürünü bildirib.

Azərbaycan və rus dillərində səsləndirilən filmin əsas çəkilişləri Belarusda – Brestdə, Minskdə və Vileyka qəsəbəsində aparılıb.

Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Dağlıq Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir.

Ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, quruluşçu operator Nadir Mehdiyev, səs operatoru Tariyel Həsənzadə, quruluşçu rəssam Rafiq Nəsirov və Vadim Şafranski, bəstəkarı Polad Bülbüloğlu, redaktoru Ramiz Rövşən, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşviq Hətəmovdur.

Filmdə Bəhruz Vaqifoğlu, Mixail Kaminski, Georgi Saava, Gülnaz Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkeviç, Aleksandr Pavlov, İvan Matskeviç, Kərim Pokaçakov, Rza Rzayev, Qurban İsmayılov, Rövşən Ağayev, Anatoli Quryev, Otar Mikeladze, Faiq Məmmədov, Cavanşir Hadıyev və başqaları çəkiliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.