CƏMİYYƏT
Nizami rayonunda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilib
Bakı, 3 sentyabr, AZƏRTAC
Sentyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova əvvəlcə rayondakı dini durum barədə məlumat verib. Qeyd edilib ki, İslam dəyərlərinin öyrənilməsi və düzgün təbliği, bu sahədə maarifləndirmə işinin təşkilinin daha da gücləndirilməsi İslam dininə aid mərasimlərin keçirilməsi zamanı dinin tələblərinin yerinə yetirilməsi üçün olduqca əhəmiyyətlidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov bu cür tədbirlərin keçirilməsində əsas məqsədin cəmiyyətin dinlə bağlı düzgün məlumatlandırılması olduğunu deyib. Bildirib ki, Məhərrəmlik mərasimləri ilə bağlı məsələlərə qanunvericiliyin tələbləri əsasında yanaşılmalı, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına diqqət yetirilməlidir.
Gündüz İsmayılov bildirib ki, ibadətlə yanaşı, birliyə, həmrəyliyə böyük önəm verən İslam vəhdət və qardaşlıq dini kimi xarakterizə olunur. Dinimizin əsas məqsədi həm də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır. Bu baxımdan dindarlar dini mərasimlərin təşkilinə həssas yanaşmalı, Aşura mərasimlərinə siyasi elementlər qatılması, başqa ölkələrə xas keçirilməsi cəhdlərinin qarşısını almalıdırlar. “Aşura Vətənə, torpağa məhəbbət, dövlətə sədaqət ruhunda qurulan təbliğatlar, çağırışlarla müşayiət olunmalıdır”, - deyən sədr müavini din xadimlərini zəncir vurmaq, baş yarmaq kimi xalqımızın mədəniyyətinə və dinimizə uyğun olmayan əməllərin əleyhinə təbliğat aparmağa səsləyib.
Keşlə qəsəbəsi “Şah Abbas” Cümə məscidinin imamı Sirac Səfərov və Sahib-əz-Zaman məscidinin imamı Natiq İsayev çıxışlarında bildiriblər ki, ölkəmizdə tolerant, multikultural dəyərlər, həmçinin dinlərarası və məzhəblərarası həmrəylik münasibətləri hökm sürür. Dövlətin dinə dəstəyindən danışan din xadimləri dini sahəyə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Seminar-müşavirə işini müzakirələrlə yekunlaşdırıb.
Tədbirdə DQİDK və Nizami Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, dini icma sədrləri, din xadimləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.