SİYASƏT
Norveç qəzetində Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olan insanlardan bəhs edilən yazı dərc olunub
Stokholm, 24 oktyabr, AZƏRTAC
Norveç qəzetində Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olan insanlardan bəhs edilən yazı dərc olunub.
AZƏRTAC xəbər verir ki, “Utrop” qəzetində Azərbaycan şəhərlərinin və kəndlərinin ərazilərindəki mülki obyektlərə planlaşdırılmış hücum zamanı törədilmiş hərbi cinayətlərdən söhbət açılır.
Qeyd olunur ki, erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc şəhərlərinə raket zərbələri endirilməsi müharibə dövründə mülki vətəndaşların müdafiəsi haqqında Cenevrə Konvensiyasının yolverilməz pozuntusudur. Gəncə ilə yanaşı, Mingəçevir şəhəri, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu, həmçinin paytaxt Bakı şəhərinin yerləşdiyi Abşeron yarımadası da raket zərbələrinə məruz qalır. Belə hücumlar insanlar arasında təşviş yaratmaq və münaqişəyə yeni ölkələri cəlb etməkdən ötrü məqsədyönlü şəkildə həyata keçirilir.
“Utrop” qəzetində xatırladılır ki, bu günədək Qarabağ regionundan olan azərbaycanlı məcburi köçkünlərin sayı 800 mindən çoxdur. Münaqişə nəticəsində öz ev-eşiklərini itirən azərbaycanlıların ümumi sayı isə milyonu ötür. Buraya həm də 1988-1989-cu illərdə Ermənistandan köçməyə məcbur olanlar da daxildir. Qəzet yazır: “Bu insanlar 26 ildən çoxdur ki, münaqişənin ədalətli həllini və öz doğma ocaqlarına qayıtmalarını gözləyirlər”.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm