REGİONLAR
Növbəti “Açıq mikrofon” aksiyası Siyəzəndə təşkil olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
“Azəriqaz” İB-nin sayca 13-cü “Açıq mikrofon” aksiyası Siyəzən rayonunda keçirilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, sakinlərin Birliyin baş direktoru Ruslan Əliyevə sosial şəbəkə üzərindən ünvanladıqları çox saylı müraciətlər qısa müddət ərzində rayonun “28 May” adlanan yeni yaşayış massivində “Açıq mikrofon” aksiyasının keçirilməsini zəruri edib. Səyyar qəbul otağında vətəndaşların qarşılaşdıqları problemləri rahat şəkildə bildirmələri üçün istənilən şərait yaradılıb. Sakinlər yeni yaşayış massivində təbii qazdan istifadə edə bilmədiklərini deyiblər. Hər bir kəsin müraciəti qeydə alınaraq aidiyyəti üzrə yönləndirilib.
Qeyd edək ki, “Azəriqaz” İB-nin başlatdığı aksiya mərhələli şəkildə bütün ölkə ərazisi boyunca davam edəcək. “Açıq mikrofon” aksiyası təşkil olunan ərazilərin qazlaşdırılması işləri davam etdirilir. Artıq bir neçə ünvanda işlər yekunlaşdırılıb.