İQTİSADİYYAT
Növbəti özəlləşdirmə hərracına 54 nəqliyyat vasitəsi çıxarılacaq
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 23-də keçiriləcək növbəti hərraca 18 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili sahəsi, 54 nəqliyyat vasitəsi çıxarılacaq.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, Xidmət tərəfindən noyabrın 16-da keçirilən hərracda 34 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 211 sifariş qəbul olunub, bunun 21-i elektron qaydada həyata keçirilib. Hərraca çıxarılan avtomobillərə edilən təkliflərin çoxluğu prosesi daha da rəqabətli edib.
İlkin start qiyməti 10 min manat olan “Toyota Land Cruiser” markalı avtomobil üçün təkliflər ard-arda səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 27 min 500 manata özəlləşdirilib. “Temsa Prestij Super delux” nəqliyyat vasitəsinin də hərracı rəqabətli olub. İlkin start qiyməti 17 min manata olan həmin avtomobil ən son 35 min manata sahibini tapıb. Satılmış bütün nəqliyyat vasitələrindən 316 min 740 manat vəsaitin dövlət büdcəsinə daxil olması nəzərdə tutulur. Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/30SU4lu).
Qeyd edək ki, cari ilin 10 ayında 51 hərrac keçirilib və 205 əmlak özəlləşdirilib. Özəlləşdirilən əmlaklardan 33-ü kiçik dövlət müəssisə və obyekti, 17-si səhmdar cəmiyyəti, 152-si nəqliyyat vasitəsi, 3-ü isə yarımçıq tikilidir.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.