CƏMİYYƏT
Novruz bayramı ilə əlaqədar paytaxtımız müxtəlif bayram atributları ilə bəzədilir – FOTOREPORTAJ VİDEO
Bakı, 18 mart, AZƏRTAC
Novruz bayramı ilə əlaqədar paytaxt Bakı bayramsayağı bəzədilir.
AZƏRTAC xəbər verir ki, hazırlıq çərçivəsində paytaxtın müxtəlif məkanlarında - Dənizkənarı Milli Parkda, Qız Qalası ətrafında, İçərişəhərdə və digər yerlərdə dekorativ işləri görülür.
Xalqımızın ən əziz bayramlarından olan Novruzla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və onun strukturları tərəfindən paytaxtda müvafiq tədbirlər həyata keçirilir. İlk növbədə, şəhərin bəzədilməsi, insanlarda bayram əhval-ruhiyyəsi yaradılması məqsədilə paytaxtda genişmiqyaslı təmizlik işləri aparılır, iməciliklər təşkil olunur. Şəhərin mərkəzi küçələri, rayonlarda bəzi küçələr müxtəlif bayram atributları ilə bəzədilir. Rəngarəng işıqlandırmalar hazırlanır.
Park və yaşıllıq sahələrində, abad məhəllələrdə yaşıllıqlara qulluq edilir, ağaclar budanır, yeni güllər və kollar əkilir. Parklardakı idman və uşaq-əyləncə qurğularına, oturacaqlara baxış keçirilir, təmirə ehtiyacı olanlar qaydaya salınır. Parklarda, küçələrdə al-əlvan güllərdən ibarət kompozisiyalar yaradılır.
İctimai iaşə və xidmət obyektlərinin vitrinləri, köşk və dayanacaqlar, elektrik dirəkləri yuyulur, ətrafı təmizlənir və bayram atributları ilə bəzədilir. Obyektləri qarşısına yeni gül dibçəkləri düzülür, əvvəllər qoyulan dibçəklərdəki güllər yenilənir.
İnsanların ən sıx toplaşma yerləri olan metro stansiyalarının yaxınlığında 20-dən çox çadır qurularaq bayram yarmarkaları təşkil edilib.
Qeyd edək ki, Novruz irimiqyaslı bayram kimi yazın gəlişi ilə əlaqədar qeyd olunur və sevincli hadisələri - qışın bitməsini və yazın başlamasını təcəssüm etdirir. Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.