CƏMİYYƏT


Nyu-Yorkda Novruz bayramına həsr olunan tədbir keçirilib

Bakı, 22 mart, AZƏRTAC

ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində Novruz bayramına həsr olunan tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Nyu-Yorkda yaşayan özbək, tacik, Pakistan, İran, yəhudi, Ukrayna, Belarus, Latın Amerikası və digər icmalardan olan ailələr iştirak ediblər.

Mərkəzin rəhbəri Alyona Bədəlova bayram münasibətilə soydaşlarımızı və qonaqları təbrik edib, Novruz bayramının tarixindən, adət-ənənələrindən, Azərbaycanda dövlət səviyyəsində geniş şəkildə qeyd olunmasından danışıb.

Tədbir zamanı uşaqlar rəmzi tonqalın üzərindən atılıb, yumurtanın boyanması qaydası ilə tanış olub, Novruza xas əyləncəli oyunlarda iştirak ediblər. Uşaqlara Novruz şirniyyatları, valideynlərə isə Azərbaycanın milli mətbəxi haqqında kitablar hədiyyə edilib.

Tədbirin bədii hissəsində Mərkəzin şagirdləri Azərbaycan rəqslərini təqdim ediblər.

Bayram şənliyi valideynlərin, uşaqların və qonaqların böyük həvəslə qoşulduqları “Yallı” milli rəqsinin ifası ilə başa çatıb.

Qeyd edək ki, “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzi 10 ildir Nyu-Yorkda fəaliyyət göstərir. Mərkəzin müxtəlif layihələri əsasında Azərbaycanın məşhur futbolçusu Anatoli Banişevski adına futbol turniri, uşaqlar üçün Novruz şənliyi, “İpək Yolu” festivalı, “Azərbaycana məhəbbətlə” rəsm sərgisi, ABŞ-dəki müxtəlif icmalar üçün Azərbaycan rəqsləri üzrə ustad dərsləri və seminarlar təşkil edilir.

Hər il konsertlərdə, festivallarda və müsabiqələrdə fəal iştirak edən Mərkəz Azərbaycan mədəniyyətini və incəsənətini ABŞ-də təbliğ etmək, habelə ənənələri qorumaq, digər icmaların diqqətini Azərbaycanın parlaq mədəni irsinə cəlb etmək məqsədinə xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.