SİYASƏT
OMBUDSMANLAR DÜNYADA SÜLHÜN CARÇISI OLMALIDIRLAR
Murtuz Ələsgərov qonaqları salamladıqdan sonra demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində mühüm işlər görülmüşdür. Ölüm hökmü ləğv edilmiş, Əsas Qanunumuza dəyişikliklər edilməklə vətəndaşlara Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilmiş, bir sıra mühüm qanunlar və məcəllələr qəbul olunmuşdur. Avropa Şurasına üzv qəbul olunarkən götürülmüş öhdəliklərə müvafiq olaraq bir sıra beynəlxalq konvensiyalar Milli Məclis tərəfindən təsdiq edilmişdir. Azərbaycanda ombudsman təsisatının yaradılması da məhz həmin islahatların bəhrəsidir.
Ombudsman təsisatının insan hüquqlarının qorunması istiqamətində rolunu xüsusi vurğulayan Milli Məclisin sədri demişdir ki, ombudsmanların birgə beynəlxalq tədbirləri təkcə insan hüquqlarının qorunmasında deyil, bu məsələdə ölkələr arasında əməkdaşlığın inkişafında da mühüm rol oynayır. Bu təsisat qarşısına qoyduğu məqsədə nail olmaq üçün heç bir çətinliyə baxmamalıdır. Beynəlxalq ombudsman təsisatları bütün dünyada, eləcə də Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət yetirməlidir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, 1 milyondan çox qaçqın və məcburi köçkün ağır şəraitdə yaşamaq məcburiyyətində qalmışdır. Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə tərəfdar olsa da, işğalçı Ermənistan buna razılaşmır, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların təcavüzlə bağlı qərar və qətnamələrinə məhəl qoymur. Ombudsmanlar da öz növbələrində səlahiyyətlərindən istifadə etməklə məsələyə ciddi reaksiya verməlidirlər. Onlar dünyada sülhün carçısı olmalıdırlar.
Sonra Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ombudsmanların II Beynəlxalq dəyirmi masası barədə ətraflı məlumat vermişdir.
BMT İnkişaf Proqramının ombudsmanı Ceyms Li səmimi qəbul üçün Murtuz Ələsgərova qonaqlar adından minnətdarlığını bildirmiş və insan hüquqlarının qorunması istiqamətində Azərbaycanda həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.
Sonda geniş fikir mübadiləsi aparılmış, Murtuz Ələsgərov qonaqların suallarına ətraflı cavab vermişdir.