İQTİSADİYYAT
OPEC: 2040-cı ilədək neft sənayesinin 11 trilyon dollar sərmayəyə ehtiyacı var
Bakı, 25 sentyabr, Nihad Budaqov, AZƏRTAC
Qlobal tələb və təklif ehtiyacını ödəmək üçün neft sənayesinin 2040-cı ilə qədər təxminən 11 trilyon dollar sərmayəyə ehtiyacı var.
AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2018-ci il üzrə “World Oil Outlook” hesabatında deyilir.
Bildirilir ki, 2018-2040-cı illəri əhatə edən dövrdə həmin investisiyaların 8,3 trilyon dolları upstream sektoruna, 1,5 trilyon dolları downstream, 1 trilyon dolları midstream sektoruna sərf olunmalıdır.
Upstream sektoruna sərmayələrin əsas hissəsi OPEC-ə üzv olmayan ölkələrdə həyata keçirilməlidir. Orta müddətdə qeyri-OPEC ölkələrinin bu sektora ildə təxminən 350 milyard dollar sərmayə qoyması nəzərə tutulur.
OPEC-ə üzv ölkələrin investisiyaları isə orta müddətdə təxminən 40 milyard dollardan çox, uzunmüddətli dövrdə isə illik 60 milyard dollardan artıq olacaq.
Qeyri-OPEC ölkələrinin uzunmüddətli investisiyalarının azalan xammal ilə əlaqədar olaraq ildə təxminən 280 milyard dollaradək azalacağı proqnozlaşdırılır.