İQTİSADİYYAT
OPEC-in sabiq baş katibi: Neftin hasilat miqdarının “dondurulması” üçün şərtlər münasibdir
Bakı, 18 avqust, Nihad Budaqov, AZƏRTAC
Neftin hasilat miqdarının “dondurulması” ilə bağlı istehsalçı ölkələrin razılığa gəlmələri üçün şərtlər münasibdir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” telekanalına müsahibəsində Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) sabiq baş katibi Şakib Xəlil deyib. Onun qənaətinə görə, istehsalçıların razılıq əldə etmək üçün gələn ay Əlcəzairdə bir araya gələcəyi yığıncaqda şərtlər münasib olacaq. Çünki hasilatçı ölkələr son dövrlərdə istehsalı sürətlə artırırlar.
“Hazırda maksimum həcmdə və ya buna yaxın səviyyədə neft hasil edən Səudiyyə Ərəbistanı, İraq, İran və OPEC-ə üzv olmayan Rusiya ilə razılıq əldə oluna bilər. Razılaşmanın əldə edilməsi üçün bütün şərtlər münasibdir. Böyük ehtimalla hazırkı dövr bunun üçün ən uyğun vaxtdır. Çünki hazırda Rusiya, İran, İraq və Səudiyyə Ərəbistanı kimi böyük həcmdə neft hasil edən ölkələr istehsalın səviyyəsini maksimuma çatdırıblar və ala biləcəkləri bütün bazar payını alıblar”, - deyə Ş.Xəlil əlavə edib.
Qeyd edək ki, OPEC-ə üzv ölkələrin nümayəndələrinin sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində danışıqlar aparması gözlənilir.