DÜNYA
ÖZBƏKİSTANDA “QIZIL LAYİHƏSİ”NİN HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN KREDİT AYRILACAQ
Avropa Yenidənqurma və İnkişaf Bankı Səmərqənd vilayətindəki Zərmitan yatağında “qızıl layihəsi”nin həyata keçirilməsinə 35 milyon dollar məbləğində kredit ayıracaqdır.
Xarici İqtisadi Əlaqələr Nazirliyində İTAR-TASS-ın müxbirinə bildirmişlər ki, Özbəkistan hökuməti layihənin gerçəkləşdirilməsi üçün müştərək müəssisə yaratmaq hüququnu Avstraliyanın “Miltipleks mininq” şirkətinə vermişdir. Bu şirkət Səmərqənd vilayətindəki digər yatağın da işlənilməsində iştirak edəcəkdir. Özbəkistan Dövlət Geologiya Komitəsinin məlumatına görə, bu iki yatağın ümumi filiz ehtiyatları 20 milyon tondur. Bir ton filizdə orta hesabla 10 qram qızıl var.
Özbəkistan hökuməti Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə həyata keçirilməsi nəzərdə tutulan daha 8 layihənin siyahısını təsdiqləmişdir. Onların ümumi dəyəri 480 milyon dollar olacaqdır.
Bu günədək geoloqlar respublikada 41 qızıl yatağı kəşf etmişlər ki, bunların da 33-ü xalis qızıl filizi yatağıdır. Onların ancaq 9-undan istifadə olunur ki, bu da Özbəkistana ildə 80 ton qızıl əldə etməyə imkan verir.