REGİONLAR
Oğuz-Şəki avtomobil yolunun əsas hissəsi yenidən qurulub VİDEO
Bakı, 15 sentyabr, AZƏRTAC
Yol infrastrukturunun yenidən qurulması ilə bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Oğuz-Şəki avtomobil yolunun əsas hissəsinin yenidən qurulması işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 34,6 kilometr uzunluğa malik yolun 7 kilometri 3-cü texniki dərəcəyə uyğun, 27,6 kilometri isə 2-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulub.
Məlumata əsasən, yolboyu genişləndirmə işləri icra olunub, yolun köhnə örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Lazımi tikinti materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilib. Bundan başqa, zəruri yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılıb, su keçidləri inşa edilib. Yolboyu aşınma qatı da daxil olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb.
Layihə çərçivəsində Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülərək yerində yeni körpünün inşası həyata keçirilib. Yeni 1 aşırımlı avtomobil körpüsünün uzunluğu 15 metr, eni isə 13 metr təşkil edir.
Daşağıl çayı üzərində 132, Küngüt çayı üzərində 78, Kiş çayı üzərində 420, Qurcana çayı üzərində isə 42 metr uzunluğunda olan mövcud körpülər üzrə nəzərdə tutulan təmir işləri yekunlaşıb. Yolboyu zəruri yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi də layihəyə əsasən yerinə yetirilib.
Layihədə nəzərdə tutulan 3,4 kilometrlik Oğuz şəhərinə giriş yolu da artıq yenidən qurulub. Belə ki, 9 kilometr uzunluğa malik “Şəki dairəvi yolu”nun (Zərifə Əliyeva və Salman Mümtaz küçələri) 1 və 2-ci texniki dərəcəyə uyğun, 3,2 kilometrlik Şəki şəhərinə giriş yolunun isə 3-cü texniki dərəcəyə uyğun əsaslı şəkildə təmiri son mərhələdə davam etdirilir.
Həmçinin Şəki dairəvi yolunun 3,1 kilometrlik hissəsi (Zərifə Əliyeva küçəsi) 2 hərəkət zolaqlı olmaqla yenidən qurulub, yolun 6 kilometrlik hissəsinin isə (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla tikintisi, həmçinin Şəki şəhərinə giriş yolunda yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşmaq üzrədir.
Görülən işlərə paralel olaraq, zəruri yerlərdə yol nişanları, məlumatverici lövhələr, siqnal dirəkləri, dayanacaq, əyrixətli dəmir tirlərin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərin, piyada zolaqlarının çəkilməsi işləri yerinə yetirilib.