REGİONLAR
Oğuzda 13 min hektardan çox sahəyə taxıl səpilmişdir
Oğuz, 26 noyabr (AZƏRTAC). Oğuz rayonunun təsərrüfatlarında 2014-cü ilin məhsulu üçün payızlıq taxıl səpini mütəşəkkil davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, cari mövsümdə rayonda 17 min hektar sahədə payız səpininin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fermerlər artıq 15 min 215 hektar sahədə şum aparmış, 13 min 205 hektar sahəyə toxum səpmişlər. Səpin aparılmış sahələrin 8 min 425 hektarını buğda, 4 min 780 hektarını isə arpa sahələri təşkil etmişdir. Səpin zamanı əsasən məhsuldar və yerli şəraitə uyğunlaşdırılmış “Əzəmətli-95”, “Nurlu-99”, “Qılçıqsız-1” toxum sortlarından istifadə olunur. Payız səpininin dekabrın əvvəllərində başa çatdırılması nəzərdə tutulmuşdur.
Rayonda kənd təsərrüfatı məhsullarının yığımı da əsasən başa çatdırılmışdır. Məhsul istehsalçıları 2 min 395 ton kartof, 2 min 583 ton tərəvəz, 3 min 607 ton meyvə istehsal etmişlər. Meyvə istehsalı əvvəlki ilə nisbətən 319 ton artmışdır. Digər növ kənd təsərrüfatı məhsullarının istehsalında da artım qeydə alınmışdır.