REGİONLAR
Oğuzda indiyədək 761 hektarda yazlıq bitkilər əkilib
Oğuz, 8 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Oğuz rayonunun təsərrüfatlarında 2 min hektar sahədə yazlıq bitkilərin əkini planlaşdırılır. Hazırda təsərrüfatlarda yaz-tarla işlərinin qızğın çağıdır. Fermerlər qısa müddətdə 761 hektar sahəyə yazlıq bitkilər əkiblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 130 hektar çoxdur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Qəmzə Süleymanova məlumat verib.
Qurum rəsmisi bildirib ki, məhsul istehsalçıları indiyədək 189 hektarda kartof, 148 hektarda tərəvəz, 53 hektarda paxlalılar əkib, 53 hektara vələmir, 90 hektara çoxillik və 281 hektara birillik yonca toxumu səpiblər.
Təsərrüfatlarda, eyni zamanda, tütün əkininə də hazırlıq işləri görülür. İstixanalarda yetişdirilən tütün şitilləri mayın əvvəllərində sahələrə köçürüləcək.