CƏMİYYƏT
Oğuzda pandemiya qaydalarına əməl etməyən kafenin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 6 fevral, AZƏRTAC
Yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Oğuz rayonunun Yaqublu kəndində fəaliyyət göstərən İsayev Şiraslan Cəlil oğluna məxsus kafedə reyd keçirilib.
Reyd zamanı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn qaydalara əməl olunmaması və tələblərin kobud şəkildə pozulması faktları aşkarlanıb. Məlum olub ki, ictimai iaşə müəssisəsi qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz olaraq fəaliyyət göstərir. Aşkarlanmış faktlarla əlaqədar sahibkarlıq subyekti barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.