CƏMİYYƏT
Okean konfransında 2030-cu ilə qədər Dünya okeanının ən azı 30 faizinin qorunub saxlanması üzrə öhdəliklər götürülüb
Bakı, 2 iyul, AZƏRTAC
Bu həftə Lissabonda keçirilən Birləşmiş Millətlər Təşkilatının Okean Konfransı “Okeanımızı xilas edək” siyasi bəyannaməsinin imzalanması ilə başa çatıb. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, Dünya okeanı problemlərinin həlli üzrə əvvəlki kollektiv cəhdlərin uğursuz olduğunu etiraf edən forum iştirakçıları bu istiqamətdə səyləri fəallaşdırmaqda razılığa gəliblər.
BMT Konfransının bağlanışında baş katibin hüquq məsələləri üzrə müavini Migel de Serpa Suareş təşkilatçılara - Portuqaliya və Keniyaya "forumda əldə edilmiş böyük uğura" görə təşəkkür edib.
"Konfrans bizə aktual problemləri müzakirə etmək və yeni ideyalar irəli sürmək imkanı verib”, - deyə o bildirib. Bu forum sayəsində biz okeanın bərpası üzrə işlərin miqyasının genişləndirilməsi zəruriliyini tam həcmdə dərk etdik".
Konfransın işində altı mindən çox nümayəndə, o cümlədən 24 ölkənin dövlət və hökumət başçıları və vətəndaş cəmiyyətinin iki mindən çox nümayəndəsi iştirak edib.
Hazırda Dünya okeanı sahil eroziyası, dəniz səviyyəsinin qalxması, suyun turşulaşması və istiləşməsi, dəniz mühitinin çirklənməsi, balıq ehtiyatlarının həddindən artıq istismarı və dəniz biomüxtəlifliyinin azalması kimi bir sıra ciddi problemlərlə üzləşir.
İqlim dəyişikliyinin “zəmanəmizin ən böyük problemlərindən biri” olduğunu etiraf edərək, Lissabonda toplaşan yüksək profilli siyasətçilər həll yollarının axtarışı üçün beynəlxalq əməkdaşlığın artırılması ilə yanaşı elm nöqteyi-nəzərdən əsaslandırılmış, innovativ fəaliyyətə ehtiyac olduğunu vurğulayıblar.
Okean Yerdəki həyat və bəşəriyyətin gələcək nəsillərinin rifahı üçün başlıca əhəmiyyət kəsb edir. Konfrans iştirakçıları 2015-ci il Paris Sazişinin və ötən ilin noyabr ayında Qlazqoda bağlanmış İqlim Paktının həyata keçirilməsinin xüsusi vacibliyini vurğulayıblar.
Lissabon Bəyannaməsində deyilir: "Biz okean ekosistemlərinin sağlamlığının zəifləməsini geri çevirməyə, biomüxtəlifliyin azalmasını dayandırmağa, həmçinin okeanın davamlılığını və ekoloji bütövlüyünü qorumağa və bərpa etməyə çalışırıq. Biz 2020-ci ildən sonra biomüxtəlifliyin qorunması üzrə iddialı, balanslaşdırılmış, effektiv, etibarlı və dəyişdirici qlobal çərçivə proqramının tərəfdarıyıq”.
Nümayəndələri Konfransda iştirak edən 100-dən çox dövlət 2030-cu ilə qədər Dünya okeanının ən azı 30 faizinin qorunması ilə bağlı könüllü öhdəliklər götürüb. “Planetimizin qorunması” layihəsi çərçivəsində eyni tarixə qədər qorunan dəniz rayonlarının yaradılması, genişləndirilməsi və idarə olunmasının dəstəklənməsi üçün ən azı 1 milyard dollar sərmayə qoyulacaq.
Avropa İnvestisiya Bankı Karib hövzəsi ölkələrinə iqlim dəyişikliyinə qarşı davamlılığın yüksəlməsi, su ehtiyatlarının idarə olunması və dəniz zibilinin təmizlənməsi üçün əlavə 150 milyon avro ayıracaq.
Forumda qəbul edilən qətnamədə deyilir ki, beynəlxalq ictimaiyyət okean resurslarına əsaslanan dayanıqlı iqtisadiyyata keçid üçün innovativ maliyyə həlləri tapmalıdır.
BMT Baş katibinin okeanlar üzrə xüsusi nümayəndəsi Piter Tomson “mavi” iqtisadiyyatın bəşəriyyət üçün təhlükəsiz gələcəyin açarı olduğunu bildirib və bunun üçün əlavə maliyyə resurslarının ayrılmasına çağırıb. Onun fikrincə, 2022-ci il təmiz və sağlam okean uğrunda savaşda həlledici il olacaq. Piter Tomson gəncləri Yer kürəsinin su ehtiyatlarının qorunması üzrə danışıqlara qoşulmağa çağırıb.
Lissabon Forumundan sonra Dünya okeanı problemləri Milli yurisdiksiyalardan kənar rayonlarda dəniz biomüxtəlifliyi haqqında Müqavilə üzrə Hökumətlərarası Konfransda müzakirə olunacaq. Bunun ardınca 2020-ci ildən sonra biomüxtəliflik sahəsində Qlobal Çərçivə Proqramı üzrə danışıqlar, eləcə də iqlim maliyyələşdirilməsi və uyğunlaşma tədbirlərinin artırılması üzrə məsləhətləşmələr aparılacaq.