MƏDƏNİYYƏT
Oksford Məktəbinin müəllim və şagirdləri “Azərxalça”nın Şəmkir filialı ilə tanış olublar
Bak, 13 iyul, AZƏRTAC
İyulun 13-də Bakı Oksford Məktəbinin və onun Şəmkir filialının müəllim və şagirdləri “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Şəmkir filialı ilə tanış olub.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqlara ötən ilin avqustun 20-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Azərxalça”nın Şəmkir filialı barədə ətraflı məlumat verilib.
Bildirilib ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada çalışan 66 toxucu qədim çeşnilərimiz əsasında Azərbaycan xalçaları toxuyur. Gəncə şəhərinin, Şəmkir, Samux, Daşkəsən, Göygöl, Gədəbəy, Goranboy rayonlarının kəndlərində toxunan orijinal Gəncəbasar xalça çeşnilərinə üstünlük verilir. Bu çeşnilər “Azərxalça”nın rəssamları tərəfindən hazırlanır. Dünyada xalça istehsalçısı olan ölkələr arasında xalça çeşnilərinin elektron variantının hazırlanması ilk dəfə olaraq məhz Azərbaycanda həyata keçirilir.
Diqqətə çatdırılıb ki, emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. İndiyədək burada 539 kvadratmetr 170 xalça toxunub.
Şagirdlər burada toxunan xalçalara həvəslə baxıblar. Onları maraqlandıran suallar cavablandırılıb.