İQTİSADİYYAT


Oktyabrın 23-26-da “Aquatherm Baku 2018” sərgisi keçiriləcək

Bakı, 2 oktyabr, AZƏRTAC

Oktyabrın 23-26-da Bakı Ekspo Mərkəzində XI Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu - “Aquatherm Baku 2018” sərgisi keçiriləcək.

“Iteca Caspian” şirkətindən AZƏRTAC-a bildirilib ki, “Aquatherm Baku” sərgisi istilik, havalandırma, kondisionerləşdirmə, su təchizatı, eləcə də havanın emalı və təmizlənməsi sahəsində yeganə ixtisaslaşmış tədbirdir. Hər il əksəriyyəti sənaye peşəkarları olan minlərlə insan bu sərgini ziyarət edir.

Bu il sərgidə Azərbaycan, Avstriya, İran, İtaliya, Çin, Rusiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya və digər ölkələri təmsil edən şirkətlər bir araya gələcək. “Aquatherm Baku 2018” sərgisinin iştirakçıları havalandırma və istilik sistemlərini, su üçün boru və filtrləri, isidici qazanları, nasosları, hidrantları və bir sıra digər məhsulları təqdim edəcəklər. Sərgidə müxtəlif istehsalçıların təklif etdikləri məişət və sənaye kondisionerləri, yastı su qızdırıcılarının geniş çeşidi də nümayiş olunacaq. Həmçinin otaqlarda mikroiqlimi uzaqdan idarə etmək üçün IT texnologiyalar da təklif olunacaq.

Sərginin işini işgüzar proqram müşayiət edəcək və bu proqram çərçivəsində iştirakçılar ilə potensial alıcılar arasında “B2B” formatlı görüşlər keçiriləcək. Builki sərgidə yeni sənaye məhsullarını təqdim etmək üçün nəzərdə tutulmuş xüsusi səhnə və həmin məhsulların nümayiş ediləcəyi vitrin sərgi iştirakçıları üçün yenilik olacaq. Bu yenilik iştirakçılara öz istehsalat sirləri haqqında ətraflı məlumat vermək və ziyarətçilərin diqqətini cəlb etmək üçün əlavə fürsət verəcək. Sərgi təşkilatçılarının təklif etdikləri daha bir yenilik isə loyallıq proqramıdır. Bu proqram sərgi ziyarətçilərinə təmsil olunan şirkətlərdən məhsul və ya xidmətləri xüsusi endirimlə satın almağa imkanı verəcək.

Beləliklə, “Aquatherm Baku 2018” sərgisi yeni məhsulları bazara təqdim edən sənaye şirkətlərini, o cümlədən distribüter və topdansatış təchizatçılarını bir araya gətirməklə yanaşı, yeni əlaqələrin qurulmasına və qarşılıqlı faydalı müqavilələrin imzalanmasına da şərait yaradacaq.

Sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən rəsmi olaraq dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” və onun tərəfdaşları “EUF” (Türkiyə), “Caspian Event Management FZ LLC” (BƏƏ) şirkətləri çıxış edir. “ITE Group” şirkətinin tərəfdaşları beynəlxalq şirkətləri Azərbaycanda keçirilən sərgilərdə fəal sürətdə iştirak etməyə cəlb edirlər. “Aquatherm Baku 2018” sərgisi haqqında ətraflı məlumatı www.aquatherm.az saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.